REAL- Respublikaçı Alternativin Bəyanatı

05.03.2020

2020-ci il 9 fevral seçkilərində
Respublikaçı Alternativin
parlamentdə təmsilçilik qazanması ilə əlaqədar

BƏYANAT

Növbədənkənar parlament seçkilərində iştirak üçün “REAL Cümhuriyyətçilər İttifaqı” adlı koalisiya formalaşdırdıq. Öncədən hazırladığımız siyahıya uyğun olaraq, 46 namizəd irəli sürdük. Onlardan 3 nəfərinin Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, seçkilərə qatılmaq haqqı tanınmadı. Daha 9 nəfər, içində basqı da olmaqla müxtəlif səbəbdən namizədliyini irəli sürmədilər. Daha 3 nəfər namizədliyini irəli sürsə də, eyni səbəblərə görə qeydiyyat üçün növbəti addımlar atmadılar. 31 namizəd seçkilərdə iştirak üçün qeydiyyatdan keçdi. Sonra bu 31 namizəddən birinin qeydiyyatı ləğv olundu, bir namizəd isə öz iradəsilə geri çəkildi. Beləliklə, 29 namizədlə səsvermə günü seçkiyə qatıla bildik.

Rəsmi rəqəmlərə əsasən, 29 namizədimizdən üçü seçkidə ikinci yer qazandı, bir namizəd – Erkin Qədirli, seçkilərdə qalib gəldi.

Yerli və beynəlxalq müşahidəçilərin yekdil rəyinə görə, növbədənkənar parlament seçkiləri nə demokratik standartlara, nə də Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında götürdüyü beynəlxalq öhdəliklərinə uyğun idi.

Bu mövqe ilə biz də Respublikaçı Alternativ olaraq tamamilə razıyıq və belə bir şəraitdə, yeni parlamentdə təmsil olunub-olunmamağımız haqda çətin qərar verməli idik.

Müzakirələr nəticəsində qərara gəldik ki, REAL-ın Milli Məclisdə təmsilçiliyinin Cümhuriyyətçi məqsədlərimizə faydasını indidən qiymətləndirmək mümkün deyil. Qarşıdakı bir il ərzində var gücümüzlə bu təmsilçiliyimizin səmərəsini təmin etməyə çalışmalıyıq və dövrün yekunlarını yenidən qiymətləndirib təkrar qərar verəcəyik.

REAL-ın qurucu üzvü olan Erkin Qədirliyə bu çətin işində uğur arzulayır və ona hər cür dəstək olmağa hazır olduğumuzu bəyan edirik. İnanırıq ki, Erkin Qədirlinin fəaliyyəti Cümhuriyyət hədəflərimizə xidmət edəcək.