Statement of the Republican Alternative Party

15.07.2020

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü,
Tovuz və Naxçıvan istiqamətində son hücumları ilə əlaqədar
Respublikaçı Alternativ partiyasının milli birliyə dair
B Ə Y A N A T I

İyulun 12-də Ermənistan hərbi qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə hücum etmişdir. Ordumuzun dərhal və təsirli tədbir görməsi nəticəsində düşmənin qarşısı qətiyyətlə alınmışdır.

Ermənistan hərbiçiləri iyulun 13 və 14-də hücumlarını davam etdirmiş, habelə Naxçıvan istiqamətində atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir.

Təəssüf ki, düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də itkilərə məruz qalmışdır. Lakin onların qanı yerdə qalmır, hərbçilərimizin ölümünə bais olanlar ən ağır şəkildə cəzalarını alırlar. Allah şəhidlərimizə rəhmət etsin!

Son hücumların məhz sərhəd zonasında baş verməsi təsadüfi olmayıb. Bu fərqləndirmə Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bir daha göstərir, eləcə də Dağlıq Qarabağda qurulan oyuncaq rejimin guya Ermənistandan fərqli mövqedə olduğunu nümayiş etdirmək məqsədini güdür.

Respublikaçı Alternativ partiyası işğal altında olan ərazilərin azad edilərək ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində Ali Baş Komandan Prezident İlham Əliyevin atacağı bütün addımları qətiyyətlə dəstəkləyir, bu məqamda onun rəhbərlik etdiyi dövlətimizlə vahid mövqedən çıxış etdiyimizi bəyan edirik.

Xalqımızı birliyə, Vətənimizin müdafiəsinə qalxmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik.