Nizamnamə layihəsi

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Respublikaçı Alternativ Partiyası (bundan sonra Partiya) vətəndaşların siyasi iradəsini formalaşdırmaq və bu iradəni təmsil və ifadə etmək məqsədilə yaradılmış partiyadır.

1.2. Partiya fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədləri, “Siyasi partiyalar haqqında” Qanun və digər normativ hüquqi aktları, özünün nizamnaməsi və proqramını rəhbər tutur. 

1.3. Partiyanın qısa adı “REAL Partiya”dır. Partiyanın, qurultay tərəfindən qəbul edilən loqosu, himni və digər fərqləndirici atributları ola bilər.

1.4. Partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində qurur. Partiyanın mərkəzi ofisi, xüsusi hallar istisna olmaqla Bakı şəhərində yerləşir.

1.5. Partiya hüquqi şəxsdir, özünün möhürü, ştampı və rəmzləri vardır.

II. PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Partiyanın məqsədi vətəndaşların iradəsinin ifadəsi olaraq siyasi hakimiyyətə gəlmək və proqramında bəyan etdiyi “Real Respublika, Real Güvənc, Real İnsan və Real Tərəqqi” siyasətini həyata keçirməkdir.

2.2. Partiya məqsədləri naminə aşağıdakı vəzifələri daşıyır: vətəndaşlarla təbliğat təşviqat işi aparmaq; onları maarifləndirmək; siyasi debatlarda iştirak etmək; istənilən ictimai-siyasi mövzuda mövqeyini bəyan etmək; proqram və layihələr ilə çıxış etmək; birləşmək; digər qurumlarla əməkdaşlıq etmək, assosiasiyalar və bloklar yaratmaq; aktiv seçki hüququ ilə müxtəlif səviyyəli seçkilərdə iştirak etmək; referendumlarda öz mövqeyilə çıxış etmək; mitinqlər, nümayişlər, yığıncaqlar, yürüşlər, piketlər və başqa kütləvi tədbirlər keçirmək və qanunvericiliyə uyğun olaraq demokratik mübarizənin bütün digər formalarından istifadə etmək.

III. PARTİYANIN STRUKTURU

3.1. Partiya ikipilləli struktura malikdir. Partiyanın strukturu aşağıdakılardan ibarətdir: 
– Yerli orqanlar: Yerli Məclislər (Məclislər və El Məclisləri);

– Mərkəzi orqanlar: Qurultay, Partiya Məclisi, Nəzarət Təftiş Komissiyası, Partiya İdarə Heyəti və Partiya Sədri.

IV. PARTİYA ORQANLARININ TƏŞKİLİ VƏ ONLARIN SƏLAHİYYƏTLƏRİ 

4.1.  Partiya strukturunun birinci pilləsini sayı və əhatəsi Partiya Məclisi tərəfindən müəyyən edilən və regional qurumlar olaraq formalaşdırılan Yerli Məclislər (bundan sonra YM-lər) təşkil edir. YM müvafiq regionun ərazisində yaşayan partiya üzvlərinin sayı ən azı 5 nəfər olduqda təşkil olunur. YM özünün sədrini və onun müavinlərini (YM-in İdarə Heyətini) 2 il müddətinə seçir. YM müvafiq regionun ərazisində cari partiya fəaliyyətini həyata keçirir. YM üç ayda bir dəfədən az olmayaraq özünün iclaslarını keçirir. YM İdarə Heyətinin seçilməsi zamanı YM üzvlərinin 30%-i iştirak etdikdə iclas səlahiyyətli hesab olunur. YM-də qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Məclis üzvləri YM-in iclasları barəsində əvvəlcədən məlumatlandırılır. Partiyanın Nizamnaməsi, yuxarı orqanların təlimatları və göstərişləri YM üçün məcburidir. YM-in aşağıdakı səlahiyyətləri vardır: 

– Zərurət olduğu zaman daha aşağı strukturlarını (məhəllə, bina təşkilatları) qurmaq;

– Regional təşkilatlanma strategiyasını və partiyanın proqramına zidd olmayan regional proqramlar hazırlayıb Partiya Məclisinin təsdiqinə vermək; 

– Region ərazisində fəaliyyət göstərən kənd və qəsəbə bələdiyyə seçkilərində namizədləri müəyyən edib təsdiq etmək, rayon və şəhər bələdiyyələrinə namizədləri müəyyən edib, Partiya Məclisinin təsdiqinə vermək;

– Parlament seçkilərində ərazisinə daxil olan dairələr üzrə namizədlərin müəyyən edilməsi ilə bağlı Partiya Məclisinə tövsiyələr vermək.

YM partiyanın daha aşağı təsisatlarını (dairə, məhəllə, bina və s.) təşkil edə bilər. Həmin təsisatların sayı, quruluşu və əsasnaməsi YM tərəfindən müəyyən edilir.

4.2. Partiyanın ali orqanı onun Qurultayıdır. Qurultay 4 ildən bir Partiya Məclisi (bundan sonra PM)  tərəfindən çağırılır və bu məqsədlə Qurultayın Hazırlıq Komitəsi yaradılır. Qurultaya nümayəndələr YM-lər tərəfindən kvota əsasında seçilir. Kvotanı Qurultayın Hazırlıq Komitəsi müəyyən edir. Partiya Məclisinin və Nəzarət Təftiş Komissiyasının üzvləri birbaşa Qurultay nümayəndəsi sayılırlar. Həmçinin PM tərəfindən qurultaydan 1 ay öncə seçilmiş 20 nəfərə qədər partiya üzvü Qurultay nümayəndəsi sayılırlar. Səlahiyyətli üzvlərin 50% + 1 nəfəri Qurultayın işində iştirak etdikdə Qurultay səlahiyyətli hesab olunur. Qurultayda qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Növbədənkənar qurultay aşağıdakı hallarda keçirilir:

 - Partiya İdarə Heyətinin və ya PM-nin üzvlərinin ¼-nin təşəbbüsünə əsasən PM öz üzvlərinin 2/3 səs çoxluğu ilə qərar qəbul etdikdə;

- PM üzvlərinin sayı 40 nəfərdən aşağı olduqda;

- Partiya Sədri istefa verdikdə və ya vəzifəsindən kənarlaşdırıldıqda. 

Qurultayın səlahiyyətinə aşağıdakılar aiddir:

- Partiyanın əsas kursunu müəyyən etmək;

- Partiyanın Proqram və Nizamnaməsini qəbul etmək, ona əlavələr və dəyişikliklər etmək;

- Partiya rəhbərliyinin hesabatını dinləmək və qiymət vermək; 

- Gizli səsvermə yolu ilə 4 il müddətinə Partiyanın Sədrini seçmək;

- Gizli səsvermə yolu ilə 4 il müddətinə PM-nin 40 sərbəst üzvünü seçmək; 

- Gizli səsvermə yolu ilə 4 il müddətinə Nəzarət Təftiş Komissiyasının 3 əsas və 2 ehtiyat üzvlərini seçmək.

4.3. Partiyanın Qurultaylararası fəaliyyətini Partiyanın Məclisi həyata keçirir. PM-in tərkibi Qurultay tərəfindən seçilən 40 üzvdən, Qurultaylararası dövrdə zərurət olduqda PM-in özü tərəfindən seçilən 5 üzvdən və hər bir YM-in sədrindən formalaşdırılır. PM-in üzvlərinin 50% + 1 nəfəri PM-in iclasında iştirak etdikdə PM-in işi səlahiyyətli hesab olunur. PM-in iclasları 3 ayda bir dəfədən az olmamaqla keçirilir. PM gizli səsvermə yolu ilə 4 il müddətinə özünün Başqanını, onun təqdimatı əsasında açıq səsvermə yolu ilə müavini və PM katibini seçir. PM Başqanı səsvermə hüququ olmadan İH iclaslarında iştirak edir. PM Başqanı öz səlahiyyətlərini icra edə bilmədiyi dövrdə onu müavini əvəz edir. Partiya Sədri istefa verdikdə və ya vəzifəsindən kənarlaşdırıldıqda Partiya Məclisi 10 gün ərzində növbədənkənar iclas keçirib öz tərkibindən növbədənkənar qurultayın keçirilməsi ilə bağlı Qurultaya  Hazırlıq Komitəsini yaradır. PM-də qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. PM öz fəaliyyətini qəbul etdiyi reqlament əsasında həyata keçirir. PM-in daxilində daimi fəaliyyət göstərən fərqli sahələrə cavabdeh olan PM Komitələri yaradılır. Komitələrə komitə başqanları rəhbərlik edir. Hər bir komitə cavabdeh olduğu sahəyə aid partiyanın mövqe sənədlərini hazırlayır. PM-in səlahiyyətinə aşağıdakılar aiddir: 

– Qurultaylararası dövrdə Partiyanın siyasi kursunu müəyyən etmək; 

– Partiyanın ayrı-ayrı sahələr üzrə partiya proqramına zidd olmayan sənədləri qəbul etmək; 

– Gizli səsvermə yolu ilə 4 il müddətinə öz üzvlərindən Partiya İdarə Heyəti üzvlərini seçmək;

– Qurultaylararası dövrdə gizli səsvermə yolu ilə iclasda iştirak edənlərin 2/3 səs çoxluğu ilə Partiya  İdarə Heyəti tərəfindən irəli sürülən PM-in 5 sərbəst üzvünü seçmək;

– Prezident, parlament və bələdiyyə seçkilərində partiyanın namizədlərini müəyyən etmək; 

– Növbədənkənar qurultay çağırmaq;

– Qurultaya 20 nəfərə qədər sərbəst nümayəndə seçmək;

– Partiya sədrinin imzaladığı sazişləri təsdiq etmək;

– Qurultayın müstəsna səlahiyyətinə aid olmayan digər səlahiyyətləri həyata keçirmək.

4.4. Nəzarət Təftiş Komissiyası (bundan sonra NTK) partiya nizamnaməsinə əməl edilməsinə nəzarət edən orqandır. NTK 3 nəfər üzv və 2 ehtiyat üzv olmaqla Qurultay tərəfindən seçilir. NTK-nın əsas üzvü vəzifədən və ya partiyadan kənarlaşdıqda onu daha çox səs toplamış ehtiyat üzv əvəz edir. NTK-nın üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. NTK-da qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. NTK-nın fəaliyyətinə özü tərəfindən seçilən NTK Sədri rəhbərlik edir. NTK mübahisəli məsələlərə yalnız Partiya üzvlərinin və ya orqanlarının şikayəti əsasında baxır. NTK şikayətə baxarkən Nizamnamə və partiya rəhbər orqanlarının qərarlarının pozuntusunu aşkar etdikdə, öz rəyini və tövsiyələrini hazırlayıb, baxılması üçün müvafiq partiya orqanına göndərir. Belə rəy və tövsiyələrin həmin orqanlar tərəfindən baxılması məcburidir. PM-in Qurultaydan sonrakı birinci iclasını NTK Sədri çağırır və iclası açıq elan edir. NTK öz fəaliyyətini qəbul etdiyi reqlament əsasında həyata keçirir.

4.5. Partiyanın cari fəaliyyətinə Partiya İdarə Heyəti (bundan sonra Partiya İH) rəhbərlik edir. Partiya İH üzvləri Partiya sədrinin təqdimatına əsasən gizli səsvermə yolu ilə tutacaqları vəzifə göstərilməklə adbaad 4 il müddətinə PM-in üzvləri arasından seçilir. Partiya Sədrinin Partiya İH-yə təqdim etdiyi namizədlərdən hər hansı biri seçilmədikdə, Partiya Sədri yeni namizəd irəli sürür. Partiya İH-nin üzvü Partiyada heç bir başqa vəzifə daşıya bilməz. YM sədri Partiya İH-yə üzv seçildiyi halda, YM sədrliyindən istefa vermiş sayılır, lakin PM-ə üzv statusunu qoruyub saxlayır. Partiya Sədri vəzifəsinə görə İH-nin üzvü hesab olunur. Partiya Sədri Partiya İH-nin üzvünü Partiya İH-dən kənarlaşdırmaq üçün Partiya Məclisinin iclasında iştirak edən üzvlərinin 50%+1 səslə razılığını almalıdır. Partiya İH-nin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Partiya İH-də qərarlar sadə səs çoxluğu və açıq səsvermə yolu ilə qəbul olunur. Səslər bərabər olduqda, Partiya Sədrinin səsi həlledicidir. Partiya İH öz fəaliyyətini qəbul etdiyi reqlament əsasında həyata keçirir. Partiya İH icraedici orqandır və səlahiyyətləri aşağıdakı kimidir:  

– Partiyanın cari fəaliyyətini həyata keçirmək; 

– Partiya adından bəyanatlar vermək.

4.6. Partiyanın cari fəaliyyətinə Partiyanın Sədri cavabdehdir. Partiya Sədri PM-in razılığı ilə Partiya İH-ni formalaşdırır və gündəlik fəaliyyətinə rəhbərlik edir. Partiya Sədri Partiyanın Proqramının əleyhinə çıxdıqda, Partiyanın nizamnaməsini pozduqda NTK-nın təqdimatı əsasında PM üzvlərinin 2/3 səs çoxluğu ilə sədrlikdən kənarlaşdırılır. Partiya Sədrinin səlahiyyətləri aşağıdakı kimidir:

– Partiyanı təmsil etmək; 

– Partiya adından danışmaq; 

– Partiya adından sazişlər imzalamaq.

4.7. Aşağı orqanların yuxarı orqanlarla qarşılıqlı münasibətləri Nizamnamənin bu bəndində nəzərdə tutulan qaydada təmsilçilik əsasında müəyyən edilir.

V.PARTİYADA ÜZVLÜK

5.1. Partiyada üzvlük fərdi və könüllüdür. Partiyanın Proqram və Nizamnaməsini qəbul edən, Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli, 18 yaşına çatmış hər bir vətəndaşı partiyaya üzv ola bilər. Partiyaya üzv olmaq istəyən şəxs yazılı ərizə ilə ərazisində qeydiyyatda olan YM-ə, YM formalaşdırılmadıqda, Partiya İH-yə müraciət edir və bir həftədən gec olmayaraq həmin qurum şəxsin üzvlüyü ilə bağlı qərar qəbul edir. Qanun və ya nizamnamə pozuntusu ilə Partiyaya qəbul edilmiş və ya hər hansı digər önəmli səbəblər olduqda şəxsin partiyaya üzvlüyü ilə bağlı zəruri hallar olduqda yuxarı orqanlar NTK-ya şikayət edə bilər. Şəxslər Partiya üzvlüyünə birbaşa Partiya İH tərəfindən də qəbul edilə bilər. Qanunla partiya üzvü olması qadağan edilən şəxslər üzvlüyə qəbul edilə bilməzlər.

5.2. Partiya üzvlərinin aşağıdakı hüquqları vardır:

– Partiyanın rəhbər orqanlarını seçmək və həmin orqanara seçilmək; 

– Siyasi partiyanın və onun rəhbər orqanlarının fəaliyyəti haqqında məlumat almaq; 

– Siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada rəhbər orqanların qərarlarından şikayət etmək; 

– Partiyanın tədbirlərində və fəaliyyətində digər formada aktiv iştirak etmək, çıxışlar etmək və təkliflər vermək; 

– Partiya orqanlarının qərarlarından 10 gün müddətində NTK-ya şikayət vermək; 

– Partiyanın üzvlüyündən çıxmaq.

5.3. Partiya üzvünün vəzifələri aşağıdakılardır:

– Partiyanın Nizamnaməsinə əməl etmək;

– Partiyaya üzvlük haqqı ödəmək; 

– Partiyanın rəhbər orqanlarının qərarlarını vicdanla icra etmək;

– Seçilmiş olduğu partiya qurumunun iclas, tədbir və işlərində üzrlü səbəblər istisna olmaqla iştirak etmək;

– Partiyanı təbliğ etmək


5.4. Partiya nizamnaməsini və partiyanın rəhbər orqanlarının qərarlarını pozan partiya üzvünə xəbərdarlıq, tutduğu vəzifədən kənarlaşdırma və partiya üzvlüyündən xaric etmə kimi tənbeh tədbirləri tətbiq edilir. Xəbərdarlıq tənbehi şəxsin üzvü olduğu yerli qurum tərəfindən tətbiq edilir. Tutduğu vəzifədən kənarlaşdırma tənbehi şəxsə onu bu vəzifəyə seçmiş orqan tərəfindən tətbiq edilir.

5.5. Hər bir partiya üzvü könüllü olaraq partiyanın müvafiq strukturlarına müraciət etməklə və ya KİV-də bu barədə bəyan etməklə partiyadan çıxa bilər. Partiya üzvü partiyadan könüllü çıxdıqda, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya çıxarıldıqda, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tam və məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə, vəfat etdikdə, başqa siyasi partiyaya üzv olduqda partiya üzvlüyünə xitam verilir. 

5.6. Hər bir partiya üzvü Siyasi Partiyalar Haqqında qanunla nəzərdə tutulmuş partiya üzvü olmasını istisna edən vəzifələrə seçildikdə, təyin edildikdə və xidmətə qəbul edildikdə partiyada fəaliyyətini dayandırır.

5.7. Partiya üzvlüyündən xaric etmə tədbiri yalnız nizamnamənin 5.4-cü bəndində göstərilən hallara təkrarən yol verildikdə şəxs üzv olduğu YM tərəfindən qəbul edilir. Partiya üzvü həmin qərardan 10 gün müddətində Partiyanın NTK-na şikayət verə bilər. NTK bu şikayətə 10 gün müddətində baxır və yekun qərar verir.

VI.PARTİYANIN ƏMLAKI VƏ MALİYYƏ VƏSAİTLƏRİ

6.1. Partiyanın əmlakı və maliyyə vəsaitləri, üzvlük haqları, ianələr, partiyanın keçirdiyi tədbirlər nəticəsində əldə olunmuş gəlirlər və qanunvericiliklə qadağan edilməyən digər vasitələr hesabına əldə olunur. 

VII. PARTİYANIN NİZAMNAMƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ QAYDASI

7.1. Bu Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi Qurultayın qərarı ilə həyata keçirilir. Həmin qərar qeydə alınmış Qurultay nümayəndələrinin 2/3 səs çoxluğu ilə qəbul edilir. Belə əlavə və dəyişikliklər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra qüvvəyə minir.


VIII. PARTİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDALARI

8.1. Partiyanın fəaliyyətinə Partiyanın Qurultayında iştirakçıların 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı və yaxud Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə xitam verilə bilər.

8.2. Partiyanın fəaliyyətinə xitam verildikdə onun əmlakı və maliyyə vəsaitlərinin təyinatı qanunvericiliyə uyğun olaraq qurultayın qərarı ilə müəyyən edilir.