Təşkilat Komitəsi

İlqar Məmmədov
Təşkilat Komitəsinin Sədri
Azər Qasımlı
Siyasi məsələlər üzrə Katib
Azər Qasımlı
Siyasi məsələlər üzrə Katib

Azər Qasımlı Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin koordinatoru, siyasi məsələlər üzrə katibdir. O, həmçinin Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvüdür.

1975-ci il təvəllüdlü olan Azər Qasımlı ilk ali təhsilini 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası) fərqlənmə diplomu ilə başa vurub. Burada o, politologiya üzrə bakalavr dərəcəsini alıb. Azər Qasımlı eyni ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Bədii Sənaye Fakültəsini bitirib. İnstitutda oxuduğu zaman Azər Qasımlı paralel olaraq ABŞ-ın Freedom House təşkilatının həyata keçirdiyi “Azərbaycanda siyasi ideologiyalar” layihəsində çalışmış və 1996-cı ildə “Azərbaycanda liberalizm və millətçilik” mövzusunda çıxan broşurların müəllifi olmuşdur. Azər Qasımlı, həmçinin 1998-ci ildə çap olunan seçki texnologiyaları ilə bağlı broşurların müəllifidir.

Azər Qasımlı təhsilini davam etdirmək üçün Türkiyəyə gedərək əvvəlcə 1998-ci ildə İzmir şəhərində Ege Universitetinin türk dili və ədəbiyyatı fakültəsinin bir illik proqramını, 2001-ci ildə isə İstanbulda Mərmərə Universitetində Beynəlxalq münasibətlər fakültəsini bitirərək magistr dərəcəsinə yiyələnib. 2009-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimlərin formalaşması” mövzusunda dissertasiya işini müdafiə edərək siyasət üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2008-2009-cu illərdə Azər Qasımlının Rusiyanın “Policy” jurnalında silsilə məqalələri dərc edilib.

Azər Qasımlı 2002-2010-cu illər arasında xarici şirkətdə Baş İcraçı Direktor vəzifəsində çalışıb.

Natiq Cəfərli
Təşkilati məsələlər üzrə Katib
Natiq Cəfərli
Təşkilati məsələlər üzrə Katib

Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvüdür. REAL Hərəkatının təsisçilərindən biri olan Natiq Cəfərli qurumun İcra Katibidir.

1972-ci il doğumlu olan Natiq Cəfərli orta təhsilini Bakıda bitirdikdən sonra 1988-ci ildə Leninqradda İqtisad İnstitutuna daxil olub. Lakin o illərdə ölkədə baş verən ictimai-siyasi vəziyyətlə əladər olaraq Bakıya qayıdaraq təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. 1994-1996-cı illərdə Milli Orduda xidmət edib. Natiq Cəfərli əsgərlikdən qayıtdıqdan sonra 2005-ci ilə qədər istehsalatda müxtəlif vəzifələrdə çalışıb.

Natiq Cəfərli 2008-ci ildə Fransada Avropa Şurası yanında Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə ABŞ-da Dövlət Departamentinin Liderlik Proqramını bitirib.

Bu günə qədər yerli və xarici KİV-də dərc edilən 2000-dən çox araşdırma və məqalələrin müəllifidir.

Erkin Qədirli
Konseptual məsələlər üzrə Katib
Erkin Qədirli
Konseptual məsələlər üzrə Katib

Erkin Qədirli Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvüdür. Respublikaçı Alternativ Hərəkatının qurucularından biridir və İdarə Heyətinin üzvüdür.

1972-ci il doğumlu olan Erkin Qədirli ixtisasca hüquqşünasdır. 1994-2006 illərdə Bakı Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültələrində dərs deyib. Erkin Qədirli müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub.

Erkin Qədirli 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" ("Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi") kitabının müəlliflərindən biridir (kitab 2008-ci ildə ikinci dəfə nəşr olunub).

Xalid Bağırov
Hüquqi məsələlər üzrə Katib
Xalid Bağırov
Hüquqi məsələlər üzrə Katib

Xalid Bağırov Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin və Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvüdür.

1976-cı ildə Lənkəran şəhərində dünyaya göz açan Xalid Bağırov ilk hüquq təhsilini Bakı Dövlət Universitetində alıb. Bundan başqa “International Law in Advocacy” və “Human Rights House Foundation” təşkilatlarının layihələri əsasında insan hüquqları üzrə vəkillik kurslarını keçib.

1997-ci ildə Universiteti bitirdikdən sonra hüquqşünas kimi fəaliiyətə başlayan Xalid Bağırov 2005-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü seçilib. Xalid Bağırov yerli və beynəlxalq təşkilatların həyata keçirdikləri bir çox layihələrdə hüquqşünas ekspert kimi çalışıb.
Onlarla siyasi məhbusun vəkili kimi məhkəmələrdə prinsipial mövqe nümayiş etdirdiyi üçün Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunub.

2012-ci ildən Xalid Bağırov Hüququn İnkişafı Mərkəzinin təsisçisi və sədridir.

Zöhrab İsmayıl
Beynəlxalq Qurumlarla İş üzrə Koordinator
Zöhrab İsmayıl
Beynəlxalq Qurumlarla İş üzrə Koordinator

Zöhrab İsmayıl Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvü və Beynəlxalq Qurumlarla İş üzrə Koordinatorudur. Həmçinin Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvüdür.

Zöhrab İsmayıl Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Mühəndislik bölümünü bitirib. 2004-2006-cı illərdə Zöhrab İsmayıl Açıq Cəmiyyət İnstitutunun Bakı-Tiflis-Ceyhan/Cənub Qafqaz Boru xəttinin Monitorinqi üzrə Audit Proqramının Məsləhət Şurasının üzvü və eksperti kimi çalışıb.

Zöhrab İsmayıl 2006-cı ildən Bakıda təsis olunan Azad İqtisadiyyata Dəstək İctimai Assosiyasiyasına rəhbərlik edir. Eyni zamanda o, 2006-cı ildə təsis olunmuş Milli Büdcə Qrupunun yaradıcılarındandır.

Zöhrab İsmayıl 2010-2012-ci illərdə Asiya İnkişaf Bankının QHT Forumunun İdarə Heyətində çalışıb. Bundan başqa o, iki dəfə Mədən Sənayesində Şəffaflıq Təşəbbüs Qrupunun yerli QHT Koalisiyasının Şurasına seçilmiş və 2012-2013-cü illərdə bu şəbəkəyə koordinatorluq edib.

Zöhrab İsmayıl Hubert Humphrey araşdırmaçısıdır və bu yaxınlarda Miçiqan Dövlət Universitetinin akademik və peşəkarlıq proqramını bitirib. O, bir sıra araşdırma və məqalələrin müəllifidir.

Cəsur Məmmədov
Avropa ölkələri üzrə koordinator
Cəsur Məmmədov
Avropa ölkələri üzrə koordinator

Cəsur Məmmədov Sümərinli Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvüdür, xarici əlaqələr (Avropa) üzrə koordinatordur. Cəsur Sümərinli Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvüdür.

1976-cı ildə Salyan şəhərində anadan olan Cəsur Sümərinli Bakı Sosial İdarəetmə və Politologoya İnstitutunun (hazırda Azərbaycan Respublukası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politologiya fakültəsini bitirib. 2014-cü ildə isə Gürcüstan İctimai Əlaqələr İnstitutunun Jurnalistika və Media İdarəçiliyi fakültəsində magistr təhsili alıb. Bundan başqa o, NATO-nun Oberammerqaudakı (Almaniya) Məktəbində Etimad Quruculuğu üzrə Hərbi Liderlik kursunu, Təhlükəsizlik Sektorunda Demokratik İdarəçilik üzrə Starlink kursunu və Avropa Şurası Siyasi Araşdırmalar Məktəbinin Demokratiya üzrə Yay Məktəbini bitirib.

Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif qəzetlərdə fəaliyyətə başlayan Cəsur Sümərinli 2006-2014-cü illərdə NATO-nun İctimai Diplomatiya Bölməsi tərəfindən dəstəklənən «Ordunun Aynası» və «Armeyskoye Zerkalo» əlavələrinin məsul redaktoru olub. Cəsur Sümərinli 2005-2014-cü illərdə «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə rəhbərlik edib. Eyni zamanda Cənubi Qafqazın ilk müstəqil hərbi informasiya agentliyi olan “MilAz” İnformasiya Agentliyinin baş direktoru olub. Fəaliyyəti dövründə onlarla yerli və beynəlxalq tədbirlərdə, seminarlarda məruzəçi olub. Cəsur Sümərinli, həmçinin, Şərq Tərəfdaşlığı İndeksində (Eastern Partnership Index) ekspert qismində iştirak edib.

Cəsur Sümərinli regiondakı ölkələrin təhlükəsizlik və müdafiə sektorunda hərbi itkilərin monitorinqini həyata keçirən təçkilata rəhbərlik edir. 2014-cü ilin oktyabrından Xəzər Hərbi Tədqiqatlar İnstitutuna (Caspian Defense Studies Institute) rəhbərlik edir.

Vəfa Rüstəm
Hüquqi işlər üzrə Koordinator
Vəfa Rüstəm
Hüquqi işlər üzrə Koordinator

Vəfa Rüstəm Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvüdür.

1984-cü ildə Bakı şəhərində anadan olan Vəfa Rüstəm ixtisasca hüquqşünasdır. Vəfa Rüstəm 2006-cı ildə Bakı Dövlət Universitetini bitirərək hüquq üzrə bakalavr dərəcəsini alıb. 2010-cu ildə isə Avropa Humanitar Universitetində Beynəlxalq İnsan Haqları Hüququnu uğurla bitirib.

İlk iş təcrübəsinə Nəsimi rayon məhkəməsində başlayan Vəfa Rüstəm bir sıra özəl şirkətlərdə hüquqşünas vəzifəsində çalışıb. Bununla yanaşı, Vəfa Rüstəm insan haqları, xüsusilə mülkiyyət haqlarının müdafiəsi sahəsində fəaliyyətini davam etdirir, milli və beynəlxalq hüququn təhlilini aparır, məhkəmə təcrübəsini araşdırır, vəkil və hüquqşünaslara təlimlər keçir.

Vəfa Rüstəm Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan “Avropa İnsan Haqları Konvensiyası (AİHK) və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icraolunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” layihəsində və Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan “Avropa İnsan Haqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsində təlimçi kimi çalışıb.

Vəfa Rüstəm “Şəhər Yenidənqurması və mülkiyyət məsələləri üzrə siyasət sənədi”nin, “Azərbaycanda mülkiyyət haqlarının təminatının yaxşılaşdırılmasına dair siyasət sənədi”nin və “Azərbaycanda Mülkiyyətin Hüquqi Təminatının Vəziyyəti və Beynəlxalq Təcrübənin Təhlili” sənədinin həmmüəllifidir.

Rəsul Cəfərov
İnsan haqları üzrə koordinator
Rəsul Cəfərov
İnsan haqları üzrə koordinator

Rəsul Cəfərov Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin və Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvüdür.
1984-cü ildə Bakıda anadan olan Rəsul Cəfərov 2004-cü ildə Qərb Universitetini bitirərək beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsini alıb. 2006-cı ildə isə Qərb Universitetinin Avropa hüququ ixtisası üzrə magistr adına yiyələnib.

2007-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Rəsul Cəfərov vətəndaş cəmiyyəti institutlarında fəaliyyətə başlayıb. 2011-ci ilin oktyabrından təsisçisi və sədri olduğu İnsan Hüquqları Klubu İctimai Birliyinin həyata keçirdiyi müxtəlif layihələrə və kampaniyalara rəhbərlik edib. Bu layihələr insan hüquq və azadlıqlarınıın müdafiəsi və demokratikləşmə prosesinə töhfə verilməsi məqsədilə həyata keçirilib.

Rəsul Cəfərov insan hüquqları sahəsində tutduğu prinsipial və müstəqil mövqeyinə görə 2014-cü ilin avqustunda siyasi motivlə saxta ittihamlar əsasında həbs edilərək 2015-ci ilin aprelində 6 il 6 ay azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiə ictimaiyyətinin, demokratik ölkələrin və siyasətçilərin Rəsul Cəfərovun hüquqlarının müdafiəsinə aktiv qoşulmasından sonra o, 2016-cı ilin martında vaxtından əvvəl azadlığa buraxılıb.

Rəsul Cəfərov mövcud çətinliklərə və təzyiqlərə baxmayaraq qismən də olsa hüquq müdafiə fəaliyyətini bərpa edib.

Vidadi Səfərli
Təşkilati İnkişaf Koordinatoru
Vidadi Səfərli
Təşkilati İnkişaf Koordinatoru

Vidadi Səfərli Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvü, Təşkilati İnkişaf koordinatorudur. 2015 –ci ildən Sabunçu Məclisinə rəhbərlik edir.

1971-ci ildə Cəbrayıl rayonunda anadan olan Vidadi Səfərli 1987- ci ildə Bakı şəhəri Sabunçu rayonu 155 saylı orta məktəbini bitirib. Gənc yaşlarından “Balaxanı” maşınqayırma zavodunda işləməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra o, uzun müddət biznes fəaliyyəti ilə məşğul olub. Vidadi Səfərli 2001- ci ildə bank avadanlıqlarının satışı və servisi üzrə ixtisaslaşmış biznesini qurmağı bacarmışdır. Uzun müddət bu sahə üzrə uğurlu fəaliyyəti nəticəsində Türkiyə, Almaniya, Rusiya, Cənubi Koreya və Çinin müxtəlif şirkətləri ilə sıx işgüzar əlaqələr qurmağa nail olmuşdur. 2011 –ci ildə Vidadi Səfərli biznes fəaliyyətini Çin Xalq Respublikasında davam etdirməyə qərar vermiş, Çinin və eləcə də dünyanın ən böyük internet ticarət platformasına sahib olan “Alibaba group” şirkəti ilə uğurlu əməkdaşlığa nail olmuşdur.

2015 –ci ildə vətənə dönən Vidadi Səfərli REAL Hərəkatına üzv olaraq aktiv siyasi fəaliyyətə başlayıb.

Mübariz Rəhimli
Türkiyə və MDB üzrə Koordinator
Mübariz Rəhimli
Türkiyə və MDB üzrə Koordinator

Mübariz Rəhimli Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvüdür.

1980-ci il təvəllüdlü olan Mübariz Rəhimli 2001-ci ildə Bakı Dövlət Universitetinin Tarix Fakultəsinin bakalavr dərəcəsini, 2003-cü ildə isə magistr dərəcəsini bitirib. Bundan başqa o, 2009-cu ildə Gürcüstan Xarici Əlaqələr İnstitutunun Jurnalistika və Media Menecmenti Fakültəsini bitirərək magistr dərəcəsini alıb. 2013-cü ildə isə Vrotslav Universitetinin Sosial bilimlər və beynəlxalq əlaqələr fakültəsini bitirib. Mübariz Rəhimli, həmçinin Moskva Siyasi Biliklər Məktəbinin, Vişeqrad Siyasi Biliklər Məktəbinin proqramını bitirib, Polşa Beynəlxalq Əlaqələr İnstitutunda təcrübə proqramı keçib.

Mübariz Rəhimli “Turan” İnformasiya Agentliyində jurnalist və texniki redaktor, “Realnews” portalında redaktor, “Doktrina” Jurnalistlərin Araşdırma Mərkəzində ekspert və bölüm rəhbəri vəzifələrində çalışıb, Azərbaycan Universitetində dərs deyib.

Toğrul İsmayılov
Marketinq&PR Koordinatoru
Toğrul İsmayılov
Marketinq&PR Koordinatoru

Toğrul İsmayılov Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin üzvü, Marketinq&PR məsələləri üzrə koordinatorudur.

2013-cü ildə REAL-da könüllü kimi fəaliyyətə başlayan Toğrul İsmayılov, 2015-ci ilin avqust ayından etibarən Nəsimi-Səbail Məclisinin sədri vəzifəsini icra edir. 2015-ci il Parlament seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd Azər Qasımlının Seçki Qərargahının sədri olub.

1989-cu ildə Bakıda dünyaya göz açan Toğrul İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Şimali Kiprin Doğu Akdeniz Universitetində Marketinq Menecmenti üzrə magistr pilləsində oxuyub.

Toğrul İsmayılov 2012-2013-cü illər ərzində AIESEC-in (Association internationale des étudiants en sciences économiques et commerciales) Doğu Akdeniz qolunda Biznesin inkişafı üzrə Vitse-Prezidenti vəzifəsində çalışıb. Bundan başqa, 32 ölkə və 86 nəfəri əhatə edən “Promoting Abroad” layihəsinin rəhbəri olub. Tələbəlik illərindən bəri müxtəlif biznes qurumlarında Biznesin inkişafı, İnsan Qaynaqları üzrə mütəxəssis və təlimçi olaraq çalışıb.